BAKI, 17 sentyabr. TELEQRAF

Azərbaycanda dairə seçki komissiyalarının tərkibi yenidən formalaşdırılıb.

Teleqraf xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov qurumun bugünkü iclasında deyib.

Onun sözlərinə görə, səsvermə keçirilərək 1125 komissiya üzvü təyin olunub.

M.Pənahov bildirib ki, DSK-lar məntəqə seçki komissiyalarını formalaşdıracaqlar:

“Fəaliyyətləri nəzarətimizdədir. İndiyə qədər təyin edilmiş üzvlərlə bağlı həmişə tələbkar olacağıq. Gəncləri DSK-ların fəaliyyətinə cəlb etməyə çalışmışıq. Namizədliyi irəli sürülən şəxslərin peşəkarlığı yoxlanılıb. DSK üzvlərindən 282 nəfər ali təhsillidir".

***

16:00

Azərbaycanda dairə seçki komissiyalarının tərkibi yenidən formalaşdırılır.

Teleqraf xəbər verir ki, bununla bağlı məsələ Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçiriləcək iclasında müzakirə ediləcək.

Qeyd edək ki, Seçki Məcəlləsinə əsasən, hər Dairə Seçki Komissiyasının (DSK) 9 üzvü olur. Onlardan üçünün namizədliyi deputatları Milli Məclisdə çoxluq təşkil edən siyasi partiyanı MSK-da təmsil edən komissiya üzvləri tərəfindən, üçünün namizədliyi deputatları Milli Məclisdə azlıq təşkil edən siyasi partiyaları MSK-da təmsil edən komissiya üzvləri tərəfindən və üçünün namizədliyi isə heç bir siyasi partiyaya mənsub olmayan Milli Məclisin deputatlarını MSK-da təmsil edən komissiya üzvləri tərəfindən təqdim olunur.