BAKI, 27 fevral. TELEQRAF
Azərbaycanda uşaqların rəqəmsal mühitdə zərərli məzmun və təsirlərdən qorunması istiqamətində yeni tədbirlər müəyyənləşdirilib.
Teleqraf xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev müvafiq sərəncam imzalayıb.
Sərəncamda qeyd olunur ki, informasiya-kommunikasiya texnologiyalarının sürətli inkişafı və sosial şəbəkələrin geniş yayılması uşaqların gündəlik həyatına erkən yaşlardan təsir göstərir. Bu isə rəqəmsal mühitdə onların təhlükəsizliyinin təmin olunması, hüquqi tənzimləmələrin təkmilləşdirilməsi və müasir çağırışlara uyğun mexanizmlərin yaradılmasını zəruri edir.
Beynəlxalq təcrübə və elmi araşdırmalar göstərir ki, uşaqların rəqəmsal mühitdə qorunması üçün xüsusi hüquqi və texnoloji mexanizmlərin tətbiqi vacibdir. Bu baxımdan sosial şəbəkələrin fəaliyyətinin tənzimlənməsi, məlumat təhlükəsizliyinin gücləndirilməsi və risklərin azaldılması əsas istiqamətlər kimi müəyyən olunur.
Sərəncama əsasən, Nazirlər Kabinetinə bir sıra mühüm tapşırıqlar verilib. Belə ki, aidiyyəti qurumlar və mütəxəssislər cəlb olunmaqla uşaqların sosial şəbəkələrdə zərərli məzmundan qorunmasını nəzərdə tutan normativ hüquqi aktların layihələri üç ay müddətində hazırlanaraq dövlət başçısına təqdim edilməlidir. Bu çərçivədə sosial şəbəkələrdə qeydiyyat zamanı yaş məhdudiyyətinin tətbiqi də nəzərdə tutulur.
Eyni zamanda məktəbəhazırlıq qruplarında və ümumi təhsil müəssisələrində mobil və elektron cihazlardan istifadəyə dair qaydaların müəyyən edilməsi tapşırılıb.
Sərəncamda həmçinin təhsil proqramlarına rəqəmsal savadlılıq, kibertəhlükəsizlik və məsuliyyətli onlayn davranış mövzularının daxil edilməsi, eləcə də valideynlər, müəllimlər və uşaqlar üçün maarifləndirici proqramların hazırlanması nəzərdə tutulur.
Bununla yanaşı, sosial şəbəkələrdən düzgün istifadə və uşaq hüquqlarının qorunması istiqamətində mütəmadi maarifləndirmə işlərinin aparılması, elmi tədqiqatların təşviqi də aidiyyəti qurumlara həvalə olunub.
Sərəncamdan irəli gələn digər məsələlərin həlli də Nazirlər Kabinetinə tapşırılıb.