BAKI, 27 fevral. TELEQRAF

Bakı şəhərində tətbiq olunan "Məktəbli avtobusları" pilot layihəsinin genişləndirilməsi və tələbələrin xəstəlik səbəbindən imtahanlardan kənarlaşdırılmaması üçün qanunvericilik dəyişiklikləri təklif edilir.

Teleqraf xəbər verir ki, məsələ Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında müzakirə edilən insan hüquqlarının qorunması haqqında İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsmanın) 2025-ci il üzrə məruzəsində öz əksini tapıb.

Təklifə əsasən, "Məktəbli avtobusları" xidməti üzrə ödəniş məbləğinə ölkə üzrə yaşayış minimumu nəzərə alınmaqla yenidən baxılmalıdır. Eyni zamanda, Konstitusiya Məhkəməsinin qərarına uyğun olaraq, ali və peşə təhsili müəssisələrində oxuyan tələbələr xəstəlik və ya karantin səbəbindən dərslərin 25%-dən çoxunda iştirak edə bilmədikdə, müvafiq tibbi arayış əsasında onların imtahanlara buraxılması təmin edilməlidir.

Bunun üçün Nazirlər Kabinetinin kredit sistemi ilə bağlı mövcud qaydalarına dəyişiklik edilməsi irəli sürülüb.