BAKI, 27 fevral. TELEQRAF

Azərbaycanda tədris proqramının optimallaşdırılması, məktəbli çantalarının ağırlaşmasının qarşısının alınması və uşaq bağçalarının sayının artırılması ilə bağlı mühüm təkliflər irəli sürülüb.

Teleqraf xəbər verir ki, məsələ Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında müzakirə edilən insan hüquqlarının qorunması haqqında İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsmanın) 2025-ci il üzrə məruzəsində öz əksini tapıb.

Təkliflər paketində orta təhsilin icbari olduğu nəzərə alınaraq, şagirdlərə dərsliklərlə yanaşı, iş dəftərləri və köməkçi vəsaitlərin də dövlət hesabına verilməsi nəzərdə tutulur. İbtidai sinif şagirdlərinin fiziki inkişafına mənfi təsir edən ağır çantalar problemini həll etmək üçün məktəblərdə fərdi dolabların quraşdırılması və rəqəmsal resurslardan istifadənin genişləndirilməsi təklif edilir.

Həmçinin, azsaylı şagirdi olan siniflərin birləşdirilməsi normasına yenidən baxılması və təhsilin keyfiyyətini artırmaq üçün müəllim sayının artırılması zəruri hesab olunur.