BAKI, 27 fevral. TELEQRAF

Tip 1 şəkərli diabet xəstələri üçün tibbi ləvazimatların aylıq normasının artırılması və lisenziyasız tibbi xidmətlərə nəzarətin gücləndirilməsi təklif edilir.

Teleqraf xəbər verir ki, məsələ Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında müzakirə edilən insan hüquqlarının qorunması haqqında İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsmanın) 2025-ci il üzrə məruzəsində öz əksini tapıb.

İclasda əhalinin sağlamlıq hüququnun qorunması məqsədilə Tip 1 şəkərli diabet xəstələri üçün vizual test çubuqlarının aylıq normasının 150 ədədə çatdırılması təklif olunub.

Həmçinin qeyd edilib ki, kənd yerlərindəki tibb müəssisələrinə kadrların cəlb olunması üçün nəzərdə tutulan maliyyə təminatları sosial-iqtisadi tələblərə uyğun yenidən nəzərdən keçirilməlidir.

Eyni zamanda, lisenziyasız və qeyri-ixtisaslı şəxslər tərəfindən göstərilən xüsusilə stomatoloji və plastik cərrahiyyə xidmətlərinin qarşısının alınması üçün nəzarət tədbirlərinin gücləndirilməsi zəruri hesab edilib.

Təkliflər həmçinin həssas qruplar – uşaqlar, ahıllar və əlilliyi olan şəxslər üçün evdə tibbi xidmət və dərman təminatının genişləndirilməsini əhatə edir.