BAKI, 27 fevral. TELEQRAF
Azərbaycanda işçilərin fiziki-psixoloji sağlamlığının qorunması və ailə-iş balansının təmin edilməsi məqsədilə günlük və həftəlik iş normalarına yenidən baxılması təklif edilir.
Teleqraf xəbər verir ki,məsələ Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında müzakirə edilən insan hüquqlarının qorunması haqqında İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsmanın) 2025-ci il üzrə məruzəsində öz əksini tapıb.
Təkliflər paketində bəzi xəstəliklərdən əziyyət çəkən və xüsusi qayğıya ehtiyacı olan ailə üzvü olan şəxslər üçün güzəştlərin nəzərdə tutulması irəli sürülüb.
Bura ağır şəkərli diabet və ya dağınıq sklerozdan əziyyət çəkən işçilər, habelə öhdəsində 81-100 faiz əlilliyi (orqanizmin funksiyalarının pozulması) olan ailə üzvü olan şəxslər daxildir.
Həmin kateqoriyadan olan işçilər üçün Əmək Məcəlləsinin müvafiq maddələrinə uyğun olaraq qısaldılmış iş vaxtının tətbiqi və iş normalarının yenidən müəyyən edilməsi nəzərdə tutulur.