BAKI, 27 fevral. TELEQRAF

Azərbaycanda əlilliyin qiymətləndirilməsi müddətlərinin azaldılması, bu sahədə bürokratik maneələrin aradan qaldırılması və infrastrukturun əlilliyi olan şəxslərə uyğunlaşdırılması təklif olunur.

Teleqraf xəbər verir ki, məsələ Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında müzakirə edilən insan hüquqlarının qorunması haqqında İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsmanın) 2025-ci il üzrə məruzəsində öz əksini tapıb.

Sənəd haqqında məlumat verən Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı bildirib ki, Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq olunmuş "Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası"nda müvafiq dəyişikliklər edilərək müddətlər azaldılmalıdır.

Yeni təklifə əsasən, şəxsin eyni xəstəliklə son 3 ay müddətində fasiləsiz və ya son 6 ay ərzində ümumilikdə 3 aydan çox müalicə almasına baxmayaraq, sağlamlıq funksiyaları bərpa olunmursa, əlillik müayinəsinə göndəriş verilməsi proseduru tezləşdirilməlidir.

İclasda həkim-məsləhət komissiyaları tərəfindən rəsmiləşdirilmiş göndərişlərin bir çox hallarda "natamam" hesab edilməsi səbəbindən yaranan gecikmələr də tənqid olunub.

O bildirib ki, bu hal vətəndaşların təkrar müraciətinə və hüquqların operativ təmin olunmasına maneələr yaradır:

“Problemin həlli üçün qiymətləndirmə prosesində iştirak edən qurumlar arasında koordinasiyalı fəaliyyətin təmini, qarşılıqlı etimad prinsipinin gücləndirilməsi və prosedurların sadələşdirilməsi zəruridir”.

Həmçinin infrastrukturun əlçatanlığı məsələsi öz əksini tapıb:

“Yaşayış binalarının və infrastruktur obyektlərinin layihələndirilməsi zamanı əlilliyi olan şəxslərin tələbatının nəzərə alınması, ictimai nəqliyyatın, xüsusilə metro stansiyalarının əlilliyi olan şəxslər üçün tam uyğunlaşdırılması, layihələndirmə standartlarının yenilənməsi, istismarda olan obyektlərin müyəssərlik komponentləri ilə təmin olunması və bu sahədə nəzarətin gücləndirilməsi və bu fəaliyyətə əlilliyi olan şəxslərin və onları təmsil edən ixtisaslaşmış QHT-lərin cəlb edilməsi təklif olunur”.