BAKI, 27 fevral. TELEQRAF
Azərbaycanda "Biznes və insan hüquqları üzrə Dövlət Proqramı"nın hazırlanıb qəbul olunması, habelə süni intellekt sahəsində yeni hüquqi yanaşmaların tətbiqi təklif edilir.
Teleqraf xəbər verir ki, məsələ Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında müzakirə edilən insan hüquqlarının qorunması haqqında İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsmanın) 2025-ci il üzrə məruzəsində öz əksini tapıb.
BMT-nin rəhbər prinsipləri və beynəlxalq təcrübə nəzərə alınmaqla hazırlanacaq yeni Dövlət Proqramı sahibkarların ölkənin sosial-iqtisadi həyatında daha fəal iştirakına və korporativ sosial məsuliyyətin artırılmasına xidmət edəcək.
Bundan başqa, müasir çağırışları nəzərə alaraq, rəqəmsal texnologiyalardan və süni intellektdən düzgün istifadə, məlumat təhlükəsizliyi mədəniyyətinin inkişafı və normativ-hüquqi bazanın təkmilləşdirilməsi istiqamətində maarifləndirici proqramların həyata keçirilməsi prioritet kimi irəli sürülüb.