BAKI, 27 fevral. TELEQRAF

Azərbaycanda insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində növbəti illər üçün Milli Fəaliyyət Proqramının hazırlanıb qəbul olunması təklif olunub.

Teleqraf xəbər verir ki, məsələ Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında müzakirə edilən insan hüquqlarının qorunması haqqında İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsmanın) 2025-ci il üzrə məruzəsində öz əksini tapıb.

Sənəd haqqında məlumat verən Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı qeyd edib ki, bu təklif Ombudsman tərəfindən il ərzində ünvanlanmış müraciətlərin araşdırılması, milli preventiv və müstəqil monitorinq mexanizmi çərçivəsində həyata keçirilən başçəkmələr, habelə media və sosial şəbəkələrin təhlili nəticəsində irəli sürülüb:

“Təklifin əsas qayəsini insan hüquqları sahəsində həyata keçirilən islahatların məntiqi davamı olaraq, prosesin müasir çağırışlara və yeni dövrün tələblərinə uyğunlaşdırılması təşkil edir. Sənəddə normativ hüquqi bazanın və hüquq müdafiə sisteminin müasir prioritetlər əsasında inkişaf etdirilməsi, əhalinin müxtəlif qruplarının hüquqlarının daha effektiv qorunması və cəmiyyətdə hüquq mədəniyyətinin yüksəldilməsi xüsusi yer tutur”.

Yeni proqram həmçinin institusional koordinasiyanın gücləndirilməsi, dövlət orqanlarının fəaliyyətində səmərəliliyin artırılması və sosial dövlət prinsiplərindən irəli gələrək müsbət təcrübələrin tətbiqini hədəfləyir.

Bundan başqa, sənəddə insan hüquqlarının təşviqi istiqamətində beynəlxalq və regional əməkdaşlığın daha da genişləndirilməsi məsələləri də öz əksini tapıb.