BAKI, 25 fevral. TELEQRAF
“Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında” qanuna edilmiş dəyişikliklərin icrasının təmin olunması ilə bağlı Nazirlər Kabineti tərəfindən qərar qəbul olunub.
Teleqraf xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov sərəncam imzalayıb.
Sənədə əsasən, Ədliyyə Nazirliyi İqtisadiyyat, Fövqəladə Hallar, Energetika, Əmək və Əhalinin Sosial Müdafiəsi, Ekologiya və Təbii Sərvətlər, Səhiyyə nazirlikləri, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Dövlət Gömrük Komitəsi, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi və digər aidiyyəti qurumlarla birlikdə Nazirlər Kabinetinin normativ hüquqi aktlarının yeni qanuna uyğunlaşdırılması ilə bağlı təkliflərini beş ay müddətində təqdim etməlidir.
Bundan əlavə, mərkəzi icra hakimiyyəti orqanlarına dörd ay müddətində öz səlahiyyətləri çərçivəsində normativ hüquqi aktlarını uyğunlaşdırmaq və ya təkliflərinin olmaması barədə məlumat vermək tapşırılıb.
Eyni zamanda, Ədliyyə Nazirliyi bu prosesin koordinasiyasını həyata keçirərək altı ay ərzində görülən işlər barədə Nazirlər Kabinetinə məlumat təqdim etməlidir.
Sərəncamın icrasına nəzarət Nazirlər Kabineti Aparatının Hüquq və qanunvericilik şöbəsinə həvalə olunub.