BAKI, 24 fevral. TELEQRAF

“Elektroenergetika haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 8 iyul tarixli 235-VIIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilib.

Teleqraf xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, “Elektrik enerjisindən istifadə Qaydaları”na yeni “sabit tarif” anlayışı əlavə olunub. Bu tarif istehlak səviyyəsindən asılı olmayaraq hər abonent üçün aylıq sabit ödəniş elementi kimi müəyyən edilir. Məqsəd elektrik enerjisi ilə bağlı sabit xərclərin bir hissəsinin qarşılanmasıdır.

Dəyişikliklərə əsasən:

Elektrik enerjisinə görə ödənişlər artıq yalnız sərfiyyata görə deyil, həm də sabit tarif üzrə hesablanacaq,

Ödəniş sənədlərində və müqavilələrdə sabit tarif ayrıca göstəriləcək,

Abonentlərə təqdim olunan məlumatlarda həm sərfiyyatın dəyəri, həm də sabit tarif əks olunacaq.

Enerjitəchizatı müəssisələri ilə müxtəlif abonent kateqoriyaları (istehsal, qeyri-istehsal, büdcə təşkilatları və əhali) arasında bağlanan müqavilələrə də dəyişikliklər edilib.

Yeni qaydalara görə:

Müqavilələrdə sabit tarif ayrıca bənd kimi göstəriləcək,

Tarif hissəsinə sabit ödəniş elementi əlavə olunacaq.

Nazirlər Kabinetinin qərarı ilə dövlət tərəfindən tənzimlənən mallar və xidmətlər siyahısında elektrik enerjisi tariflərinə “sabit tarif” anlayışı da daxil edilib.

Dəyişikliklər həmçinin:

Büdcə xərclərinin iqtisadi təsnifatına, peşə, ümumi və məktəbəqədər təhsil müəssisələrinin maliyyələşdirmə normativlərinə şamil olunub. Bu sahələrdə də elektrik enerjisi xərclərinə sabit tarif komponenti əlavə ediləcək.

Qərar çərçivəsində bir sıra digər normativ sənədlərə və qaydalara da uyğunlaşdırıcı dəyişikliklər edilib. Bu dəyişikliklər əsasən terminologiyanın və ödəniş mexanizmlərinin yenilənməsini əhatə edir.