BAKI, 20 fevral. TELEQRAF
"Xaricdə yaşayan bir qrup anti-Azərbaycan ünsürün ABŞ-də Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin qaldığı hotelə aqressiv və təhrikedici formada daxil olmağa cəhd etməsi ən sərt şəkildə qınanmalıdır. Bu hadisə təkcə etik normaların deyil, eyni zamanda hüquqi çərçivələrin də açıq şəkildə pozulması, dövlət başçısının təhlükəsizliyinə qarşı yönəlmiş təxribat cəhdi kimi qiymətləndirilməlidir".
Bu sözləri Teleqraf-a Milli Məclisin deputatı Vasif Qafarov deyib.
O qeyd edib ki, bu cür davranışlar heç bir halda “azad fikir”, “etiraz hüququ” və ya “demokratik aksiya” adı altında ört-basdır edilə bilməz:
“Əksinə, bu, planlı şəkildə hazırlanmış, Azərbaycan dövlətinə, onun rəhbərliyinə və ümumilikdə xalqımıza qarşı nifrət üzərində qurulmuş iyrənc və məsuliyyətsiz bir təxribatdır. Qeyri-etik ifadələr, küçə jarqonu ilə aparılan təhqiramiz çıxışlar, qışqırıq və təzyiq yolu ilə təhlükəsizlik kordonunu yarmağa cəhd etmək həmin şəxslərin hansı səviyyədə mənəvi aşınmaya uğradığını və sivil davranışdan nə qədər uzaq olduqlarını bir daha sübut edir.
Xüsusilə vurğulamaq lazımdır ki, Prezident İlham Əliyev Azərbaycan dövlətinin simvoludur. Onun təhlükəsizliyinə qarşı hər hansı aqressiv addım, əslində, Azərbaycanın suverenliyinə, dövlətçilik ənənələrinə, milli iradəsinə qarşı yönəlmiş bir addımdır. Bu səbəbdən də, belə təxribatlar yalnız bir şəxsə deyil, bütövlükdə Azərbaycan xalqına qarşı düşmən münasibətin göstəricisi kimi qəbul edilir.
Bu təxribat cəhdinin qarşısının vaxtında alınması isə Azərbaycan Prezidentinin təhlükəsizlik xidmətinin əməkdaşlarının yüksək peşəkarlığını və operativ fəaliyyətini bir daha ortaya qoydu. Eyni zamanda, ABŞ polisinin dərhal müdaxilə etməsi və vəziyyətin nəzarətə götürülməsi onu göstərdi ki, bu cür qanunsuz və zorakı davranışlar hüquqi dövlətlərdə də qəbul edilmir və nəticəsiz qalır. Təhlükəsizlik kordonunu yarmağa çalışan, zorla hotelə daxil olmaq istəyən şəxslərin peşəkar şəkildə zərərsizləşdirilməsi təxribatın daha ağır nəticələrə səbəb olmasının qarşısını aldı.
Bu hadisə bir daha sübut edir ki, anti-Azərbaycan dairələr, müxtəlif radikal qruplar və onların xaricdəki himayədarları Azərbaycan dövlətinin uğurlarını, beynəlxalq nüfuzunun artmasını və Prezident İlham Əliyevin dünya miqyasında qəbul edilən siyasi lider statusunu həzm edə bilmirlər. Məhz buna görə də, onlar informasiya müharibəsi ilə yanaşı, belə çirkin, səviyyəsiz və təhlükəli təxribatlara da əl atırlar”.

Deputat bildirib ki, bu cəhdlər heç vaxt nəticə verməyəcək: “Azərbaycan dövləti güclü, təhlükəsizlik sistemi peşəkar, xalqı isə dövlətinə və Prezidentinə bağlıdır. Azərbaycanın milli maraqlarına qarşı yönəlmiş hər bir addım, istər informasiya hücumu olsun, istər siyasi təxribat, istərsə də fiziki təhlükə yaratmaq cəhdi hamısı iflasa məhkumdur.
Cənab Prezidentin həyata keçirdiyi uğurlu daxili və xarici siyasət nəticəsində Azərbaycan bu gün regionun lider dövlətinə çevrilib. Ölkəmizin beynəlxalq nüfuzu yüksəlib, milli maraqlarımız qətiyyətlə qorunur. Məhz bu reallıq anti-Azərbaycan ünsürləri qəzəbləndirir, onları qeyri-sağlam addımlar atmağa sövq edir.
Bir daha açıq şəkildə bəyan edirik: Azərbaycan dövlətinə və onun Prezidentinə qarşı yönələn bu cür təxribatlar, təhqirlər və aqressiv davranışlar qətiyyən qəbul edilmir və ən sərt şəkildə qınanılır. Sivil dünyada siyasi mövqe bildirmək zorakılıqla, təhqirlə, provokasiya ilə yox, hüquqi və mədəni yollarla həyata keçirilir. Bu həddi aşan şəxslər isə hüquq qarşısında cavab verməlidirlər”.
Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədri Günay Ağamalı bildirib ki, dünya erməni dairələri ilə eyni cərgədə dayanan xainlər, dövlətçiliyimizə qarşı çalışan missionerlər, ləyaqətini pula satan satqınlar simalarını bir daha ortaya qoydular:
"Prezident İlham Əliyevin ABŞ-yə səfəri zamanı Vaşinqtonda baş verən hadisə bir daha göstərdi ki, ölkəmizin müstəqil və prinsipial siyasəti bəzi dairələri ciddi narahat edir. Dövlət başçımızın beynəlxalq nüfuzunun artdığı, Azərbaycanın qlobal gündəmdə söz sahibinə çevrildiyi bir zamanda anti-milli ünsürlərin təxribat xarakterli addımlarının mahiyyəti aydındır. Ölkəmizin güclənən mövqeyinə kölgə salmaq, beynəlxalq arenada formalaşan nüfuzunu sarsıtmaq. Açıq şəkildə ABŞ-dəki şovinist erməni dairələrinin əlaltıları, sifarişli və təhrikedici aksiyalar təşkil edənlərə ilk dəstəyi dərhal "Armenian National Committee of America" verdi. Bu fakt özü çox şeyi izah edir.

Ardınca Azərbaycanın mövqeyinə qarşı uzun illərdir qərəzli münasibətdə olan Frank Pallone yenə də eyni ritorika ilə çıxış etdi. O, 907-ci düzəlişin müəlliflərindən biri kimi tarixə düşmüş, Xocalı həqiqətlərini inkar etmiş, vaxtilə işğal altında olmuş Azərbaycan torpaqlarına qanunsuz səfərlər etmiş və Ermənistanın maraqlarını açıq şəkildə müdafiə edən birisidir. Bu mövqe sistemli lobbiçilik fəaliyyətinin nəticəsidir.
Anti-milli ünsürlərin şovinist erməni dairələri ilə eyni cəbhədə yer alması, hətta böyük beynəlxalq tədbirin keçirildiyi gün ABŞ-nin təhlükəsizlik qaydalarını kobud şəkildə pozması onların əsl niyyətini ortaya qoydu. Hotelin ətrafında təhlükəsizlik perimetrini zorakı formada yarmağa çalışmaları, təhrikedici və qeyri-əxlaqi ifadələr işlətmələri hüquqi çərçivənin aşması idi. ABŞ hüquq-mühafizə orqanlarının və Prezidentin təhlükəsizlik xidmətinin operativ müdaxiləsi nəticəsində bu cəhdlərin qarşısı alındı".
Deputat vurğulayıb ki, Azərbaycan öz suverenliyini, ərazi bütövlüyünü və milli maraqlarını qətiyyətlə qoruyan dövlətdir: "Dövlət başçımız İlham Əliyevin uğurlu, praqmatik və uzaqgörən siyasəti anti-Azərbaycan dairələrinin yuxusunu ərşə çəkib. Ənənəvi olaraq, yenə də “sapı özümüzdən olan baltalar”ı önə verərək ölkəmizin artan nüfuzuna kölgə salmaq, beynəlxalq müstəvidə formalaşan güclü mövqeyimizi zəiflətmək niyyətləri boşa çıxacaq.
Azərbaycan güclü dövlətə, sarsılmaz milli birliyə və dünya miqyasında artan etimada sahibdir. Milli maraqlara qarşı yönəlmiş təxribatların qarşısı mahircəsinə alınır və Azərbaycanın inkişaf yolunu heç bir təxribat, heç bir qərəzli lobbiçilik dayandıra bilməz".