BAKI, 9 fevral. TELEQRAF
Nazirlər Kabineti mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların dövriyyəsinə nəzarət və bu sahədə tələb olunan əlavə şərtlərlə bağlı qərarda dəyişiklik edib.
Teleqraf xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.
Yenilənmiş redaksiyaya əsasən, sənəddə sursatın yalnız istehsalı deyil, həm də layihələndirilməsi anlayışı əlavə edilib. Eyni zamanda döyüş təyinatlı hərbi texnika, hərbi silah və döyüş sursatının satışına dair əlavə tələblər müəyyənləşdirilib. Bu tələblər istehsal prosesinin texnoloji sənədlərə uyğun qurulması, texniki və konstruktor sənədlərinin normativ hüquqi aktlara və standartlara uyğunluğu kimi şərtləri əhatə edir.
Qərara əsasən, hərbi texnika, silah və sursatın ehtiyat hissələrinin dövriyyəsinə dair də ayrıca əlavə şərtlər tətbiq olunacaq. Bundan başqa, istehsal mərhələlərində dəyişiklik baş verdiyi halda, sahibkarlar üç iş günü ərzində Müdafiə Sənayesi Nazirliyinə məlumat verməlidir.
Yeni dəyişikliklərə görə, müəyyən kateqoriyaya aid məhdudlaşdırılmış əşyaların ölkə daxilində satın alınması yalnız Müdafiə Nazirliyi, digər hərbi xidmət nəzərdə tutulan dövlət orqanları və müvafiq lisenziyaya malik hüquqi şəxslər tərəfindən həyata keçirilə biləcək.
Sənəddə həmçinin qeyd olunur ki, ixrac nəzarətinə düşən malların idxal, ixrac və tranzit əməliyyatları müvafiq qanunvericiliyə uyğun aparılacaq.