BAKI, 6 fevral. TELEQRAF

Nazirlər Kabineti Vergi Məcəlləsi, “Sosial sığorta haqqında” və “Dövlət qulluğu haqqında” qanunlara edilən dəyişikliklərin icrasının təmin olunması barədə sərəncam verib.

Teleqraf xəbər verir ki, sərəncamı Baş nazir Əli Əsədov imzalayıb.

Sərəncama əsasən, Ədliyyə Nazirliyi bir sıra dövlət qurumları ilə razılaşdırmaqla Nazirlər Kabinetinin normativ hüquqi aktlarının yeni qanuna uyğunlaşdırılması ilə bağlı təkliflərini beş ay müddətində hökumətə təqdim etməlidir.

Mərkəzi icra hakimiyyəti orqanlarına dörd ay müddətində qanunun icrasını təmin etmək üçün öz səlahiyyətləri çərçivəsində normativ hüquqi aktlar hazırlamaq və ya təkliflərinin olmadığı barədə məlumat vermək tapşırılıb.

Həmçinin Ədliyyə Nazirliyi altı ay müddətində normativ aktların qanuna uyğunlaşdırılması barədə Nazirlər Kabinetinə məlumat təqdim etməlidir.

Sərəncamın icrası Nazirlər Kabineti Aparatının Hüquq və qanunvericilik şöbəsinə həvalə olunub. Sənəd imzalandığı gündən qüvvəyə minib.