BAKI, 6 fevral. TELEQRAF
Nazirlər Kabineti “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanunun tətbiqi ilə bağlı Prezident fərmanının icrasının təmin olunması barədə sərəncam verib.
Teleqraf xəbər verir ki, sərəncamı Baş nazir Əli Əsədov imzalayıb.
Sərəncama əsasən, Ədliyyə Nazirliyi bir sıra dövlət qurumları ilə razılaşdırmaqla Nazirlər Kabinetinin normativ hüquqi aktlarının yeni qanun və müvafiq fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini beş ay müddətində hökumətə təqdim etməlidir.
Mərkəzi icra hakimiyyəti orqanlarına dörd ay müddətində qanun və fərmanın icrasını təmin etmək üçün öz səlahiyyətləri çərçivəsində normativ hüquqi aktları hazırlamaq və ya təkliflərinin olmadığı barədə məlumat vermək tapşırılıb.
Həmçinin Ədliyyə Nazirliyi altı ay müddətində normativ aktların qanunvericiliyə uyğunlaşdırılması barədə Nazirlər Kabinetinə məlumat təqdim etməlidir.
Sərəncamın icrası Nazirlər Kabineti Aparatının Hüquq və qanunvericilik şöbəsinə həvalə olunub. Sənəd imzalandığı gündən qüvvəyə minib.