BAKI, 5 fevral. TELEQRAF

Baş nazir Əli Əsədov Elektron Rəqabət İnformasiya Sistemi ilə bağlı Prezident fərmanının icrasının təmin edilməsi barədə sərəncam imzalayıb.

Teleqraf xəbər verir ki, Sərəncama əsasən, Ədliyyə Nazirliyi bir sıra dövlət qurumları ilə razılaşdırmaqla Nazirlər Kabinetinin normativ hüquqi aktlarının yeni fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini beş ay müddətində hökumətə təqdim etməlidir.

Eyni zamanda, mərkəzi icra hakimiyyəti orqanlarına dörd ay ərzində öz normativ sənədlərini fərmana uyğunlaşdırmaq və görülən işlər barədə Ədliyyə Nazirliyinə məlumat vermək tapşırılıb. Nazirlik isə uyğunlaşdırma prosesini koordinasiya edərək altı ay müddətində Nazirlər Kabinetinə hesabat təqdim etməlidir.

Sərəncamın icrası Nazirlər Kabineti Aparatının Hüquq və qanunvericilik şöbəsinə həvalə olunub. Sənəd imzalandığı gündən qüvvəyə minib.