BAKI, 2 fevral. TELEQRAF

Nazirlər Kabineti məcburi dövlət sosial sığortası üzrə ödənişlərin və müvəqqəti əmək qabiliyyətini itirmiş şəxslərə ödənilən müavinətlərin qaydalarında dəyişiklik edib.

Teleqraf xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, 1998-ci il 15 sentyabr tarixli 189 nömrəli qərarın adı və məzmunu yenilənərək “hesablanması və ödənilməsi haqqında Əsasnamə” ifadəsi “təyin edilməsi, hesablanması və ödənilməsi Qaydası” ilə əvəz olunub.

Eyni zamanda, həmin qərarla təsdiq edilmiş əsas sənəd yeni redaksiyada təqdim edilib.

Sənədə görə, qərarın qüvvəyə mindiyi tarixədək baş vermiş və ya həmin tarixdən sonra davam edən sosial sığorta hadisələri üzrə ödənişlər əvvəl qüvvədə olan normalara uyğun həyata keçiriləcək.

Bundan əlavə, qərar qüvvəyə minənədək təyin edilmiş və ödənişi davam edən məcburi dövlət sosial sığorta ödənişlərinin (3 yaşınadək uşağa qulluğa görə müavinət istisna olmaqla) dayandırılması və yenidən hesablanmasına yol verilmir.