BAKI, 2 fevral. TELEQRAF

Nazirlər Kabineti fiziki şəxslərin gömrük sərhədindən keçirdiyi mallarla bağlı qaydalara dəyişiklik edib.

Teleqraf xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, 2013-cü il 14 oktyabr tarixli 305 nömrəli qərarla təsdiq edilmiş “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları”na yeni müddəalar əlavə olunub.

Dəyişikliyə görə, fiziki şəxslərə hər təqvim ili ərzində bir dəfə 1 ədəd mobil cihazın güzəştli qaydada ölkəyə gətirilməsinə icazə veriləcək.

Həmçinin, ölkəyə gətirilən mobil cihazların gömrük dəyəri müəyyən edilmiş aylıq həddi aşdığı halda, məbləğdən qanunvericilikdə göstərilən limit çıxıldıqdan sonra qalan hissəyə uyğun gömrük ödənişləri alınmaqla sadələşdirilmiş qaydada rəsmiləşdirmə aparılacaq.

Bundan başqa, yazılı formada bəyan edilməli malların siyahısında “telefon” sözü “cihaz” sözü ilə əvəz edilib, “və digər simsiz rabitə avadanlıqları” ifadəsi isə çıxarılıb.

Qərar 2026-cı il yanvarın 1-dən qüvvəyə minəcək.