BAKI, 26 yanvar. TELEQRAF

“Rəqəmsal dövlət maliyyəsi” informasiya sistemi haqqında Əsasnamə təsdiq edilib.

Teleqraf xəbər verir ki, bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev Fərman imzalayıb.

Fərman “Dövlət maliyyəsinin səmərəli idarə edilməsinin təşkili ilə bağlı əlavə tədbirlər haqqında” Prezidentin 2025-ci il 25 avqust tarixli fərmanının icrası məqsədilə qəbul olunub.

Sənədə əsasən, “Rəqəmsal dövlət maliyyəsi” informasiya sistemi haqqında Əsasnamə təsdiq edilib. Nazirlər Kabinetinə fərmandan irəli gələn məsələlərin həlli tapşırılıb.

Maliyyə Nazirliyinə Rəqəmsal dövlət maliyyəsi informasiya sisteminin formalaşdırılması, aparılması, fəaliyyəti və inkişafı üçün zəruri tədbirlərin görülməsi həvalə olunub. Həmçinin sistemin Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə birgə “Hökumət buludu” (G-cloud) Konsepsiyasına uyğun olaraq yerləşdirilməsi, təkmilləşdirilməsi və müvafiq dövlət reyestrlərinə daxil edilməsi təmin ediləcək.

Bununla yanaşı, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi dövlət qurumları ilə birgə məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə olunması üçün üç ay müddətində zəruri tədbirlər görəcək və görülən işlər barədə Prezidentə məlumat verəcək.