BAKI, 21 yanvar. TELEQRAF
İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfinə yeni tibbi xidmətlər əlavə edilib.
Teleqraf xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərara əsasən, Nazirlər Kabinetinin 2020-ci il 10 yanvar tarixli 5 nömrəli Qərarı ilə təsdiq edilmiş “İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi”nə daxil olan tibbi xidmətlərin siyahısı genişləndirilib.
Belə ki, “Xidmətlər Zərfinə daxil olan tibbi xidmətlərin siyahısı və tarifləri”nin 2.1-ci bəndinə koxlear protezlə bağlı yeni qeyri-operativ tibbi xidmətlər əlavə olunub. Dəyişikliklərə əsasən, eşitməyə köməkçi vasitənin uyğunlaşdırılması (koxlear protezin illik istifadə müddəti başa çatdıqdan sonra ildə 4 dəfə nitq prosessorunun tənzimlənməsi – fitting və konsultasiya daxil olmaqla) icbari tibbi sığorta hesabına qarşılanacaq. Bu xidmətin tarifi 300 manat müəyyən edilib.
Eyni zamanda, koxlear protez istifadəçilərinin hazırda istifadə etdikləri səs (nitq) prosessorunun minimum 5 il müddətində istifadə edilməsi şərti ilə daha üst model ilə əvəzlənməsi də Xidmətlər Zərfinə daxil edilib. Həmin xidmətin tarifi 15 500 manat təşkil edir.
Bundan başqa, koxlear protez cihazının səs (nitq) prosessoru istifadəyə yararsız olduğu hallarda, istehsalçının zəmanət şərtlərində nəzərdə tutulmadığı və minimum 1 il istifadə edildiyi təqdirdə, eyni model prosessorla (komplektləşdiricilər xaric) əvəzlənməsi nəzərdə tutulur. Bu xidmət üzrə tarif 5 500 manat müəyyən olunub.