BAKI, 21 yanvar. TELEQRAF
Azərbaycan Nazirlər Kabineti əmək pensiyalarının təyin edilməsi və dövlət qulluğu stajı ilə bağlı qaydalara dəyişiklik edib.
Teleqraf xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərara əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nda bir sıra dəyişikliklər edilib.
Dəyişikliklər çərçivəsində sənədin müvafiq bəndlərində terminoloji dəqiqləşdirmələr aparılıb, o cümlədən hərbi xidmət müddətinin və təminat xərcliyinin hesablanmasına dair anlayışlar yeni redaksiyada təqdim olunub. Eyni zamanda, pensiya təminatı ilə bağlı istinad edilən bəzi normativ hüquqi aktlar yenilənib.
Bununla yanaşı, Nazirlər Kabinetinin 2024-cü il 20 fevral tarixli 91 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinin dövlət qulluğu stajına və dövlət qulluğu stajının dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilməsi Qaydası və şərtləri”nə də dəyişiklik edilib. Həmin dəyişikliklər dövlət qulluğunun xüsusi növündə xidmət illərinin staj hesablanması zamanı tətbiq edilən qaydalara dair normativ istinadların dəqiqləşdirilməsini nəzərdə tutur.
Qərara əsasən, edilən dəyişikliklər 2026-cı il yanvarın 1-dən qüvvəyə minəcək.