BAKI, 14 yanvar. TELEQRAF

“Tullantılar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə 2025-ci il 19 dekabr tarixli 317-VIIQD nömrəli Qanunun icrasının təmin edilməsi məqsədilə müvafiq tədbirlər müəyyənləşdirilib.

Teleqraf xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov Sərəncam imzalayıb.

Sərəncama əsasən, Ədliyyə Nazirliyinə Fövqəladə Hallar Nazirliyi, İqtisadiyyat Nazirliyi və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları ilə razılaşdırmaqla Nazirlər Kabinetinin normativ hüquqi aktlarının sözügedən qanuna uyğunlaşdırılması ilə bağlı təklifləri beş ay müddətində Nazirlər Kabinetinə təqdim etmək tapşırılıb.

Bununla yanaşı, mərkəzi icra hakimiyyəti orqanları qanunun icrasını təmin etmək məqsədilə dörd ay müddətində öz səlahiyyətləri daxilində normayaratma tədbirləri görməli, normativ hüquqi aktlarını və ya bu istiqamətdə təkliflərinin olmadığı barədə məlumatı Ədliyyə Nazirliyinə təqdim etməlidirlər. Zərurət yarandıqda isə icra vəziyyəti barədə Nazirlər Kabinetinə məlumat verilməsi nəzərdə tutulur.

Sərəncamda həmçinin qeyd olunur ki, Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi və normativ xarakterli aktlarının qanuna uyğunlaşdırılmasını təmin etməli və bu barədə altı ay müddətində Nazirlər Kabinetinə məlumat verməlidir.

Sərəncamın icrasına nəzarət Nazirlər Kabineti Aparatının Hüquq və qanunvericilik şöbəsinə həvalə edilib.

Qeyd edək ki, sərəncam imzalandığı gündən qüvvəyə minib.