BAKI, 7 yanvar. TELEQRAF

Azərbaycanda dini qurumlara maliyyə yardımı göstəriləcək.

Teleqraf xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, ölkədə mövcud dini konfessiyaların fəaliyyətinin dəstəklənməsi, dinlərarası həmrəyliyin daha da inkişaf etdirilməsi, dini maarifləndirmə işinin müasir tələblərə uyğun qurulması və mənəvi-əxlaqi dəyərlərin təbliğinin gücləndirilməsi məqsədilə bir sıra dini qurumlara maliyyə vəsaiti ayrılacaq.

Sənədə əsasən, Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Qafqaz Müsəlmanları İdarəsinə 3,5 milyon manat ayrılıb. Eyni zamanda, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasına, Bakı şəhəri Dağ yəhudiləri dini icmasına, Avropa yəhudilərinin Bakı dini icmasına, Sefarad yəhudilərinin Bakı dini icmasına, Katolik Kilsəsinin Apostol Prefekturasına və Alban-Udi xristian dini icmasına hər birinə 400 min manat maliyyə yardımı göstəriləcək.

Bundan başqa, digər qeyri-islam dini icmalarına maddi dəstək məqsədilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fonduna da 400 min manat vəsait ayrılıb.

Sərəncama əsasən, Maliyyə Nazirliyi ayrılan vəsaitin maliyyələşdirilməsini təmin etməlidir.