Bakıda Azərbaycan ilə Türkiyə arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 12-ci iclası keçirilir.

Teleqraf xəbər verir ki, iclasa Azərbaycanın Baş naziri Əli Əsədov və Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz sədrlik edir.

Əli Əsədov açılış nitqində Komissiyanın iclaslarında qəbul edilən qərarların, onların icrasımım iki ölkə arasında əməkdaşlığın müxtəlif sahələrdə inkişafı baxımından böyük əhəmiyyət kəsb etdiyini deyib.

"Bu gün biz qardaş Türkiyənin Cümhurbaşqanı Yardımçısını və onun nümayəndə heyətini qəbul etməkdən böyük şərəf duyuruq. Hər birinizə “Azərbaycana xoş gəlmisiniz” deyirik. Bu gün biz Birgə Hökumətlərarası Komissiyanın 12-ci iclası üçün toplaşmışıq.

2024-cü ildə Ankarada imzalanmış Fəaliyyət Planı Hökumətlərimizin birgə səyləri nəticəsində əsasən icra edilib. 120 bənddən ibarət Fəaliyyət Planı 78% icra edilib (93 bənd). İcrası qalan bəndlər isə yeni Fəaliyyət Planında öz əksini tapacaq.

Zamanın çağırışlarını nəzərə alaraq Fəaliyyət Planına mütəmadi olaraq yeni müddəalar əlavə olunur. Bu gün də tərəfdaşlığımızın bütün aktual sahələrini əhatə edən 110-bəndlik Fəaliyyət Planını təsdiqləyəcəyik.

Ümidvaram ki, yeni müddəaların icrası əməkdaşlığımızın daha da inkişaf etdirilməsinə müsbət təsir göstərəcək.

Sabah isə 2-ci Azərbaycan-Türkiyə İnvestisiya Forumu baş tutacaq. Sevindirici haldır ki, bu tədbir artıq investisiya axınlarının artırılması üçün mühüm mexanizmə çevrilməkdədir", - deyə qeyd edib.