BAKI, 22 dekabr. TELEQRAF

Baş nazir Əli Əsədov “Azərbaycan Biznesinin İnkişafı Fondu” publik hüquqi şəxsin yenidən təşkili ilə bağlı Prezidentin 2025-ci il 10 dekabr tarixli 545 nömrəli Fərmanının icrasının təmin edilməsi barədə Sərəncam imzalayıb.

Teleqraf xəbər verir ki, Sərəncama əsasən:

İqtisadiyyat Nazirliyi Ədliyyə Nazirliyi, Maliyyə Nazirliyi, Mərkəzi Bank, Dövlət Neft Fondu və digər aidiyyəti qurumlarla birlikdə normativ hüquqi aktların təkmilləşdirilməsi ilə bağlı təklifləri 2 ay müddətində Nazirlər Kabinetinə təqdim edəcək.

Ədliyyə Nazirliyi İqtisadiyyat Nazirliyi, Maliyyə Nazirliyi, Mərkəzi Bank və digər qurumlarla birgə Nazirlər Kabinetinin normativ hüquqi aktlarının Fərmana uyğunlaşdırılması ilə bağlı təklifləri 5 ay müddətində təqdim edəcək.

Mərkəzi icra hakimiyyəti orqanları 4 ay ərzində zəruri normayaratma tədbirlərini həyata keçirəcək və nəticələr barədə Ədliyyə Nazirliyinə məlumat verəcək.

Ədliyyə Nazirliyi normativ hüquqi aktların Fərmana uyğunlaşdırılmasını təmin edib, bununla bağlı 6 ay müddətində Nazirlər Kabinetinə məruzə edəcək.

Sərəncamın icrası Nazirlər Kabineti Aparatının Hüquq və qanunvericilik şöbəsinə həvalə olunub. Sənəd imzalandığı gündən qüvvəyə minib.