BAKI, 18 dekabr. TELEQRAF

Beynəlxalq ikili diplom proqramlarının həyata keçiriləcəyi xarici tərəfdaş ali təhsil müəssisələrinin, ixtisaslar üzrə təhsil proqramlarının və təhsil səviyyələrinin seçimi qaydaları təsdiq edilib.

Teleqraf xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, beynəlxalq ikili diplom proqramlarının həyata keçiriləcəyi xarici tərəfdaş ali təhsil müəssisələrinin, ixtisaslar üzrə təhsil proqramlarının və təhsil səviyyələrinin seçimi Qaydası təsdiq edilib. Sənəd 2025-ci il sentyabrın 15-dən tətbiq ediləcək.

Qaydalara görə, xarici tərəfdaş ali təhsil müəssisələrinin seçimi beynəlxalq reytinq göstəriciləri, müvafiq ölkədə tanınma və akkreditasiya, həmçinin proqramın icrası üçün əlavə infrastruktur maliyyələşdirməsi tələbinin olmaması kimi meyarlar əsasında aparılacaq.

İxtisasların və təhsil səviyyələrinin seçimi isə Azərbaycanın sosial-iqtisadi inkişaf prioritetlərinə uyğunluq, yerli ali təhsil müəssisələrinin maddi-texniki bazası və tədrisin bakalavriat, magistratura və doktorantura səviyyələrində aparılması imkanları nəzərə alınmaqla müəyyən ediləcək.

Beynəlxalq ikili diplom proqramları yerli və xarici ali təhsil müəssisələri arasında bağlanacaq müqavilə əsasında həyata keçiriləcək. Tədrisin ən azı 70 faizi yerli ali təhsil müəssisəsində təşkil olunacaq, tələbələrə isə həm yerli, həm də xarici universitetin diplomu veriləcək.

Proqrama tələbə seçimi bakalavriat və magistratura səviyyələrində Dövlət İmtahan Mərkəzinin qəbul imtahanlarının nəticələri, doktorantura səviyyəsində isə mövcud qəbul qaydalarına uyğun olaraq aparılacaq. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər proqramlarda ödənişli əsaslarla iştirak edəcəklər.