BAKI, 15 dekabr. TELEQRAF

Prezident İlham Əliyev xarici ticarətin tənzimlənməsi sahəsində dövlət idarəetmə mexanizminin təkmilləşdirilməsi ilə bağlı Fərman imzalayıb.

Teleqraf xəbər verir ki, Fərmana əsasən, idxal-ixrac, tranzit, nəqliyyat və logistika əməliyyatları üzrə vahid giriş imkanı əsasında tam rəqəmsal mühitin yaradılması və yük axınlarının “ağıllı” idarə edilməsi məqsədilə “Bir pəncərə” informasiya sistemi yaradılacaq.

Sənədə görə, xarici ticarət fəaliyyəti ilə bağlı bir sıra prosedurlar bu Sistem vasitəsilə həyata keçiriləcək. Belə ki, tələb olunan kommersiya və nəqliyyat sənədlərinin təqdim edilməsi, nəqliyyat vasitələri və daşınan mallarla bağlı məlumatların elektron qaydada tərtibi, sərhədkeçmə prosedurları barədə məlumatlandırma, istifadəçi müraciətlərinin qəbulu və cavablandırılması təmin ediləcək. Eyni zamanda, yükdaşıma müqavilələrinin elektron formada bağlanılması, daşınan yüklərin marşrut üzrə izlənməsi, ödənişlərin aparılması və statistik məlumatların əldə edilməsi mümkün olacaq.

Müəyyən edilib ki, sistemin sahibi funksiyalarını Nazirlər Kabineti, operatoru funksiyalarını isə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi həyata keçirəcək.

Fərmanda həmçinin qeyd olunur ki, sistem lisenziya və icazələr, gömrük, vergi, qida təhlükəsizliyi, kənd təsərrüfatı, nəqliyyat, mülki aviasiya, dəmir yolu və dəniz nəqliyyatı sahələrində fəaliyyət göstərən qurumların informasiya sistemləri ilə Elektron Hökumət İnformasiya Sistemi üzərindən inteqrasiya olunacaq.

Nazirlər Kabinetinə doqquz ay müddətində sistemin əsasnamə layihəsinin hazırlanaraq Prezidentə təqdim edilməsi, habelə beynəlxalq təcrübə nəzərə alınmaqla müvafiq normativ hüquqi aktların təkmilləşdirilməsinə dair təkliflərin hazırlanması tapşırılıb. Eyni zamanda, sistemin fəaliyyətinin təmin olunması üçün zəruri tədbirlərin görülməsi nəzərdə tutulur.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi isə sistemin aparılması, inkişafı, “Hökumət buludu” (G-cloud) Konsepsiyasına uyğun şəkildə yerləşdirilməsi və inteqrasiya olunan qurumlara aylıq hesabatların təqdim edilməsi ilə bağlı vəzifələri icra edəcək.

Fərmanın icrası ilə bağlı təhlükəsizlik və inteqrasiya məsələləri üzrə tədbirlərin həyata keçirilməsi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinə tapşırılıb.

Fərman imzalandığı gündən qüvvəyə minib.