BAKI, 9 dekabr. TELEQRAF

"Bu gün əsas investisiya layihələrinin istiqaməti Qarabağ və Şərqi Zəngəzurdur. Cənab Prezidentin birbaşa iştirakı və rəhbərliyi ilə işğaldan azad edilmiş torpaqlarda sürətli bərpa-quruculuq işləri görülür. Ümumilikdə, 2020-ci ildən bəri 2026-cı ildə daxil olmaqla işğaldan azad olunmuş ərazilərin bərpasına büdcədən 25 milyard manatdan çox vəsait ayrılıb.

Teleqraf xəbər verir ki, bu sözləri Baş nazir Əli Əsədov Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib.

"Bu vəsaitlərin böyük hissəsi infrastruktur layihələrinə yönəldilib ki, iqtisadiyyatımız üçün yaradacağı əlavə dəyər orta və uzunmüddətli dövrdə gözlənilir. Bunları nəzərə almalıyıq".

Onun sözlərinə görə, hökumətin əsas xərc istiqamətlərindən biri də təhlükəsizliyin, hərbi-müdafiə potensialının daha da gücləndirilməsidir: "Növbəti ilin dövlət büdcəsində müdafiə və milli təhlükəsizlik xərcləri ümumi büdcə xərclərinin təqribən 21%-ni - 8.7 mlrd.manat təşkil edir. Bu gün Azərbaycanda hərbi sənaye sürətlə inkişaf edir və uzun illər ərzində bu sahəyə böyük vəsait ayrılır və diqqət göstərilir. Artıq bir çox ölkələrə hərbi təyinatlı məhsul ixrac edirik. Cənab Prezident tərəfindən hökumət qarşısında vəzifə qoyulub ki, həm daxili tələbatı ödəmək, həm də ixrac etmək üçün sənaye klasteri yaradılsın. Bu istiqamətdə artıq müvafiq işlər aparılır".

Ə.Əsədov qeyd edib ki, yeni dövrün çağırışlarına uyğun olaraq iqtisadi artımın dayanıqlığı və rəqabət qabiliyyətinin yüksəldilməsi insan kapitalının keyfiyyətindən bilavasitə asılıdır: Əhalinin real gəlirlərinin artımı və sosial-rifahının yaxşılaşması üçün 2026-cı ilin dövlət büdcəsində cəmi sosialyönlü xərclər 17,1 mlrd. manat nəzərdə tutulur. Növbəti ilin dövlət büdcəsində təhsilin və innovativ inkişafın dəstəklənməsi üçün təhsil və elm xərclərinə 5,2 milyard manatdan çox vəsait ayrılacaq. Əhalinin sağlamlığı, keyfiyyətli səhiyyə xidmətləri və dərman vasitələri üçün səhiyyə xərclərinə 2 milyard manatdan çox vəsait nəzərdə tutulur. İcbari tibbi sığorta çərçivəsində - 2026-cı ildən ürək-damar, 2028-ci ildən mədə-bağırsaq və 2029-cu ildən etibarən tənəffüs sistemi xəstəliklərinin ambulator müalicəsi üçün dərman vasitələrinin sığorta ödənişləri həyata keçiriləcəkdir. Eyni zamanda uşaq və yeniyetmələrdə onkoloji xəstəliklərin müalicəsi üçün 2027-ci ildən başlayaraq Xidmətlər zərfinə daxil edilməsi məqsədilə layihə hazırlanır".