BAKI, 5 dekabr. TELEQRAF

Ermənistanda tarixən Azərbaycan dili və mədəniyyəti ilə bağlı olan əsas Azərbaycan toponimləri ya sovet dövründə, ya da daha sonra erməniləşdirilib. Bu günə qədər Ermənistanda azərbaycanlılara məxsus 702 yaşayış məntəqəsinin adı dəyişdirilərək erməniləşdirilib.

Teleqraf xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcması tərəfindən keçirilən “Mədəni irs və qayıdış hüququ: Ermənistandan didərgin salınmış azərbaycanlıların mədəni irsinin bərpası - ədalətə, barışığa və sülhəaparan yol kimi” mövzusunda III beynəlxalq konfransında ABŞ-nin Tennesi Texnologiya Universitetinin professoru Maykl Martin Qanter deyib.

O bildirib ki, 1988–89-cu illərdə Ermənistanın hazırkı ərazisində qalan son azərbaycanlı yaşayış məntəqələri də zorakı şəkildə boşaldılıb: “1991-ci il avqustun 8-də isə Ermənistan və Azərbaycan sərhədində yerləşən son azərbaycanlı kəndi də tamamilə boşaldıldı. Ümumilikdə, bu, son etnik təmizləmə nəticəsində 300 mindən artıq azərbaycanlı tarixi torpaqlarından amansızcasına qovuldu; bu, Ermənistanın 22 inzibati rayonu üzrə 266 kəndi və 6 şəhəri əhatə edirdi. Bundan əlavə, təxminən 650 Azərbaycan kəndinin daha geniş siyahısı mövcuddur.

Qeyd edilməlidir ki, bu 650 kənd də Ermənistanın indiki ərazisində vaxtilə mövcud olmuş bütün Azərbaycan kəndlərini tam əhatə etmir. 1988-ci ilə qədər Ermənistanda yaşayan azərbaycanlılar hazırkı Ermənistan ərazisinin təxminən 25%-ni təşkil edən bir coğrafiyada məskunlaşıblar. Azərbaycanlılara qarşı etnik təmizləmə başa çatdıqdan sonra isə Ermənistan rəhbərliyi azərbaycanlıların yaşadığı kəndlərin adlarını dəyişdirməyə başladı. Bu günə qədər Ermənistanda azərbaycanlılara məxsus 702 yaşayış məntəqəsinin adlarının dəyişdirilərək erməniləşdirilməsi nəticəsində tarixən Azərbaycan məskənləri olmuş bu ərazilərdə faktiki olaraq monoetnik erməni dövləti formalaşdırılıb. XX əsrdə deportasiyalar, silahlı toqquşmalar və kütləvi qətliamlar nəticəsində böyük, lakin unudulmuş bir Azərbaycan əhalisi məhv edilib”.