BAKI, 27 noyabr. TELEQRAF

Ümumdünya Şəhərsalma Forumunun (WUF13) 13-cü sessiyası çərçivəsində ilk dəfə olaraq dövlət başçıları bir araya gələrək qlobal şəhərsalma məsələlərini müzakirə edəcəklər.

Teleqraf xəbər verir ki, bu barədə WUF13 Azərbaycan Əməliyyat Şirkətinin Media əlaqələri üzrə meneceri Eldar Rəsulov noyabrın 27-də Bakıda keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Media və informasiya üzrə işçi qrupunun 12-ci iclası çərçivəsində “Rəqəmsal media mühitində TDT- üzv dövlətlərin qarşılıqlı əməkdaşlıq imkanları” adlı paneldə bildirib.

Onun sözlərinə görə, altı gün davam edəcək forum çərçivəsində 350-dən çox müxtəlif sessiya keçiriləcək:

“Forumda minlərlə iştirakçı, o cümlədən nazirlik nümayəndələri, şəhər merləri, icma liderləri və BMT qurumlarının təmsilçiləri iştirak edəcək, şəhərsalmada yeni yanaşmalar və şəbəkələşmə imkanları müzakirə olunacaq”.

E.Rəsulov əlavə edib ki, yaxın günlərdə forumun media platforması istifadəyə veriləcək və media nümayəndələri həmin platformada qeydiyyatdan keçməlidirlər.

“Tədbirlə bağlı rəsmi internet saytının da yaxın zamanda işə düşməsi nəzərdə tutulur”.