ŞUŞA, 8 noyabr. TELEQRAF
2027-ci ilin əvvəlinə qədər mərhələli olaraq yeni binalar tikilərək şuşalıların ixtiyarına verəcəyik.
Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, bu fikirləri Zəfər günü ilə bağlı media nümayəndələrinə açıqlama verən Azərbaycan Respublikası Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov səsləndirib
Onun sözlərinə görə, gələn il bərpa-quruculuq işlərinin bir çoxuna yekun vurulacaq: "Artıq 2 yaşayış kompleksində işlər başlanılıb. Yaxın 2 ay ərzində 3-cü yaşayış kompleksinin inşasına başlanılacaq. Şuşada təxminən 45 binadan ibarət böyük bir tikinti aparılmaqdadır. Gələn ilin sonu, 2027-ci ilin əvvəlində mərhələli olaraq binalar şuşalıların istifadəsi verəcəyik. Keçmiş məcburi köçkünlərin köçü baş tutacaq.
Bizim gələn il üçün gözləntilərimiz sözsüz ki, mədəniyyət abidələrinin bərpasıyla bağlıdır. Yaxın aylarda Sadıqcanın ev muzeyinin bərpası bitəcək. Bizim 6 tarixi abidələrimizində konservasiya layihələridə həyata keçirilərək tamamlanacaq.
Şəhərin mərkəzi olan "Qarabağ" küçəsində binalar artıq inşa olunub. Onlarında daxilində tamamlama işləri gedir. Bu, şəhərdə mehmanxana xidmətinin daha da yaxşılaşmasına imkan verəcək".