BAKI. 7 noyabr, TELEQRAF
Ana Vətən Partiyasının (AVP) daxilində sədr seçimi ilə bağlı yaşanan qalmaqal üzrə qərar verilib. Qərara əsasən, Fəzail Ağamalının oğlu Elçin Ağamalı və onu dəstəkləyən şəxslər partiyadan kənarlaşdırılıb.
Teleqraf xəbər verir ki, bu barədə məlumat partiyanın yeni qəbul etdiyi qərarda əksini tapıb.
Partiyadan bildirilib ki, 5 noyabr 2025-ci ildə Ana Vətən Partiyasının İdarə Heyətinin iclası keçirilib. İclasda Partiyanın Mərkəzi Nəzarət-Təftiş Komissiyasının 25 oktyabr 2025-ci il tarixli növbədənkənar IX Qurultayda baş verən qanun və Partiya Nizamnaməsinin tələblərinin pozulması ilə bağlı İdarə Heyətinə ünvanladığı müraciət və bu məsələdən irəli gələn digər məsələlər müzakirə olunub.
Müzakirələr zamanı ilk olaraq, Ana Vətən Partiyasının növbədənkənar IX Qurultayında prosedur qaydalarını kobud şəkildə pozmaqla, Partiya üzvünün vəzifələrini (Partiya orqanlarının qanuni qərarlarını yerinə yetirmək; Partiyanın adına, məqsəd və vəzifələrinə xələl gətirən hərəkətlərə yol verməmək) müəyyən edən “Siyasi partiyalar haqqında” Azərbaycan Respublikası Qanununun 22.2.3 və 22.2.6-cı maddələrinin, həmçinin Partiya Nizamnaməsinin 5.5.3 və 5.5.6-cı bəndlərinin tələblərini pozmuş Elçin Ağamalının Partiyadan xaric edilməsi məsələsinə baxılıb.
Partiya Nizamnaməsinin Partiyadan xaric olunma əsaslarından biri kimi göstərilən 5.8.1-ci bəndinə (Nizamnamənin müddəalarını kobud şəkildə pozan və Partiyanın nüfuzuna mühüm zərər vurmuş hərəkət və ya hərəkətsizlik etmək) əsaslanaraq, İdarə Heyətinin qərarı ilə Elçin Ağamalı Ana Vətən Partiyasından xaric edilib.
Bununla yanaşı, Partiya Nizamnaməsinin 5.8.1-ci, 10.3-cü və 12.3.7-ci bəndləri rəhbər tutulmaqla aşağıda adı çəkilən 12 rayon təşkilatı sədrinin də partiyadan xaric edilməsi və həmin təşkilatların fəaliyyətinə xitam verilməsi barədə qərar qəbul edilib:
Paşa Alməmmədov – Ağstafa rayon təşkilatı
Telman Qasımov – Ağsu rayon təşkilatı
Orxan Əhmədov – Bərdə rayon təşkilatı
Ziya İbrahimov – Hacıqabul rayon təşkilatı
Elnur Osmanov – Kürdəmir rayon təşkilatı
Mahmud Nuriyev – Qazax rayon təşkilatı
Yaşar Tağıyev – Lənkəran rayon təşkilatı
Azad Əhmədov – Masallı rayon təşkilatı
Bayram Mustafayev – Sabunçu rayon təşkilatı
Nazim Muradəlizadə – Şabran rayon təşkilatı
Çoşğun Məmmədov – Zərdab rayon təşkilatı
Fazil Ağamalıyev – Suraxanı rayon təşkilatı