BAKI, 24 aprel. TELEQRAF

“Mülki pilotsuz uçuş aparatlarının istismarı, qeydiyyata alınması və kateqoriyalara bölünməsi Qaydaları” təsdiqənib.

Teleqraf xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

PUA-ların qeydiyyatını, əməliyyat icazəsi, PUA sistemlərinin istismarçısı sertifikatının və pilot (operator) şəhadətnaməsinin verilməsini Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Dövlət Mülki Aviasiya Agentliyi həyata keçirəcək.

Bu Qaydaların müddəaları aşağıdakı PUA-lara şamil edilmir:

maksimal qalxma kütləsi 0,25 kq-dən az olan və fərdi məlumatları toplamaq imkanına malik olan cihazlarla təchiz olunmamış, habelə uşaqların istifadəsi üçün nəzərdə tutulmuş oyuncaq PUA-lar;

uçuş zamanı pilot (operator) tərəfindən idarə edilməsi mümkün olmayan tam avtonom PUA-lar.

PUA-ların qeydiyyatı, eləcə də əməliyyat icazəsinin, PUA sistemlərinin (bundan sonra – PUAS) istismarçısı sertifikatının və pilot (operator) şəhadətnaməsinin verilməsi Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Dövlət Mülki Aviasiya Agentliyi (bundan sonra – Agentlik) tərəfindən həyata keçirilir.

PUAS-ın istismarı ilə bağlı fəaliyyət elektron portal vasitəsilə həyata keçirilir.