BAKI, 25 aprel. TELEQRAF

"Ölkədə dərmanların qiymətindən şikayətlər həddindən çoxdur".

Teleqraf xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov “Əhalinin sağlamlığının qorunması haqqında”, “Özəl tibb fəaliyyəti haqqında” və “Dərman vasitələri haqqında” qanuna təklif edilən dəyişiklik layihəsinin müzakirəsi zamanı deyib.

O, həmçinin apteklərin çoxluğundan şikayətlənib:

"Bəzən bir binanın altında iki aptek var. Vaxtında lisenziya alıblar, yoxlama ciddi olmayıb. Bu sahədə də ciddi çatışmazlıqlar var. Seçicilərlə görüşdə onlar bu məsələdən şikayətlənirlər. Dərmanların əl çatımlılığı və qiyməti barədə kifayət qədər şikayət var. Narazılıqlarını bildirirlər. Bu məsələ də gələcəkdə öz həllini tapmalı, müzakirələr olmalıdır. Səhiyyə nazirliyi ilə əlaqəmiz yaxşıdır. Dərmanlarla bağlı nazirliklə, TƏBİB-lə müzakirələr olsun. Şikayətlər azalmır. Hər dəfə oxşar problemlər qaldırılır. Bəzi problemlər aradan qaldırıldı, amma hələ də müəyyən məsələlər həll olunmalıdır".