BAKI, 25 aprel. TELEQRAF

"Praktiki tibb fəaliyyəti ilə məşğul olan və olmaq istəyən şəxslər Davamlı Peşəkar İnkişaf (DPİ) üsulu ilə elmi, pedoqoji, tədris fəaliyyətləri həyata keçirməlidir".

Teleqraf xəbər verir ki, bunu Milli Məclsin deputatı Pərvanə Vəliyeva “Əhalinin sağlamlığının qorunması haqqında”, “Özəl tibb fəaliyyəti haqqında” və “Dərman vasitələri haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

O bildirib ki, sözügedən şəxslərə bu fəaliyyətlərə görə kredit balları veriləcək:

"Bununla da onlar müvafiq sənədlər əsasında qiymətləndirilərək, kredit balları hesablanacaq və şəhadətnamə əldə edəcəklər. Yəni tibb işçisi praktiki tibb fəaliyyəti ilə yanaşı, elmi fəaliyyətlə də məşğuldursa, Səhiyyə Nazirliyi tərəfindən akkreditasiya olunmuş tədbirlərdə, konqreslərdə iştirak edirsə, məqalələri elmi jurnallarda dərc olunursa, bu, ona kredit balı qazandıracaq. Həmçinin ali və ya peşə-ixtisas təhsil müəssisəsində, digər mərkəzlərdə tədrislə məşğuldursa, bunun üçün kredit balı veriləcək".