BAKI, 25 aprel. TELEQRAF
"Tibbi, xüsusilə plastik cərrahlar sahəsində ciddi nöqsanlar oldu və bu da əhalinin haqlı narazılığı ilə qarşılandı".
Teleqraf xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov Əmək Məcəlləsində, “Əhalinin sağlamlığının qorunması haqqında”, “Özəl tibb fəaliyyəti haqqında” və “Dərman vasitələri haqqında” qanuna təklif edilən dəyişiklik layihəsinin müzakirəsi zamanı deyib.
O bildirib ki, ölkədə müasir tələblərə cavab verən həkimlərin olması şərtdir:
"Müasir tələblərə cavab verən xəstəxanalarımız olsa da, savadlı və peşəkar həkimlərə ehtiyacımız var. Həkimlərin sertifikasiyası keçirildi və nə qədər ciddi boşluqların olduğuna şahid olduq. Bunların aradan qaldırılması üçün də yeni qanuna yeni dəyişikliklər etdik. Mətbuatdan da məlum olduğu kimi, xüsusilə plastik cərrahlar sahəsində ciddi nöqsanlarla qarşılaşdıq. Gördük ki, hətta diplomu olmayan şəxslər belə bu sahə ilə məşğul oldu və ölüm halları baş verdi. Səhiyyə Nazirliyi müvafiq qurumlarla birlikdə monitorinq apardı və bu sahə ilə məşğul ola biləcək şəxslərin yekun siyahısını hazırlandı. Ciddi və operativ işlər görüldü. Haqqı olmayanlar isə həkimlikdən uzaqlaşdırıldı".