BAKI, 24 aprel. TELEQRAF

"Konstitusiya islahatları davam edən prosesdir".

Teleqraf xəbər verir ki, bunu Milli Məclisin sədr müavini Ziyafət Əsgərov Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin "Ümummilli lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir" mövzusunda keçirilən elmi-praktik konfransda deyib.

O xatırladıb ki, Azərbaycanda müxtəlif illərdə referendumlar olaraq konstitusiyaya dəyişikliklər edilib:

"Konstitusiya islahatları davam edən prosesdir. Zaman dayanmır, yeni institutlar yaranır. İnstitutların inkişafı ilə əlaqədar konstitusiyaya dəyişiklik və əlavələr edilməlidir. Azərbaycan suveren dövlət olaraq iqtisadi, siyasi baxımından liderdir. Təbii ki, bu məsələlərin həll olmasında konstitusiya əsas sənəddir. 30 il ərazilərimiz işğal altında qaldı. Məsələnin sülh yolu ilə həll olması barədə çağırışlar etdik. Amma tarix sübut etdi ki, hüquq gücə yox, güc hüquqa hakimdir. Dünyada beynəlxalq hüquq güc ruporudur. Ölkəmizin xeyrinə müəyyən sənədlər qəbul edilmişdir. Amma biz onlardan istifadə edə bilmədik. Təəssüf ki, 30 il ərzində BMT-nin Təhlükəsizlik Şurası, ATƏT və s. qurumlar münaqişənin davam etməsində maraqlı idi. Hətta Ermənistana da dəstək verirdilər. ATƏT-in Minsk qrupunun görməli olan işi biz etdik və ərazilərimiz işğaldan azad olundu".