BAKI, 23 aprel. TELEQRAF

Hazırda ölkənin kənd təsərrüfatı təyinatlı ərazilərinin 30%-i, yəni 450 000 hektarı sığorta təminatı altına alınıb.

Teleqraf xəbər verir ki, bunu Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov Milli Məclisinin Aqrar siyasət komitəsində "Aqrar sektorda sahibkarlığa dəstək: nəticələr və perspektivlər" mövzusunda keçirilən ictimai dinləmədə deyib.

Onun sözlərinə görə, bitkiçilik üzrə aqrar istehsalın 8%-i sığortalanıb və fondun üzərinə götürdüyü sığorta öhdəlikləri 450 milyon manat təşkil edir:

"Bağladığımız müqavilə sayları 57 000-ə çatıb, zərər ödənişlərimiz isə 15 milyonu ötüb. Yalnız son iki ildə fermerlərə ödənilmiş təzminatların həcmi 12 milyon manat təşkil edib. Bu da öz növbəsində Azərbaycanda aqrar sektorun ümumi artımına və inkişafına, daha dayanıqlı kənd təsərrüfatı mənzərəsinin formalaşmasına töhfə verib. Eyni zamanda sistemin kapitallaşması davam edir və maliyyə dayanıqlığı kifayyət qədər sabitdir. Belə ki, sistemin aktivləri 9 milyon manatdan 30 milyon manata çatıb və Fondun öhdəliklərini icra etməyə kifayyət qədər likvid aktivləri mövcuddur".