BAKI, 23 aprel. TELEQRAF
Kənd Təsərrüfatı Nazirliyi aqrar sektor üçün əsas prioritetləri açıqlayıb.
Teleqraf xəbər verir ki, bunu Kənd Təsərrüfatı nazirinin müavini İlhamə Qədimova Milli Məclisinin Aqrar siyasət komitəsində "Aqrar sektorda sahibkarlığa dəstək: nəticələr və perspektivlər" mövzusunda keçirilən ictimai dinləmədə deyib.
O bildirib ki, nazirlik bununla bağlı bir neçə istiqamət hazırlayıb:
"Əsas istiqamət müasir survarma sisteminin genişləndirilməsidir. Bu, aqrar sektorun mühüm istiqamətlərindən biridir. Bundan başqa, sudan səmərəli istifadə, fermerlərin suya əlçatımlılığını təmin etmək bizim üçün vacibdir. Həmçinin tormaqdan səmərəli istifadə də qarşımızda duran vəzifələrdəndir. Məlum olduğu kimi, Azərbaycan məhdud torpaq resurslarına malik olan ölkələrdəndir. Torpaqdan səmərəli istifadə, zərərvericilərə qarşı mübarizə, innovativ texnologiyalardan istifadənin stimullaşdırılması da əsas istiqamətlərdəndir. Həmçinin qarşıdakı illərdə sözügedən sahədə süni intellektin tətbiqi də bizim üçün prioritetdir".
Nazir müavinin sözlərinə görə, işğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatının bərpası əsas istiqamətlərdəndir. O bildirib ki, azad edilmiş ərazilərdə kənd təsərrüfatlı təyinatlı 4,7 min hektar ərazi ayrı-ayrı subyektlərə icarəyə verilib.