BAKI, 22 aprel. TELEQRAF

"Dövlət satınalmaları - xüsusilə də həyatla birbaşa bağlı olan səhiyyə sahəsində təkcə maliyyə vəsaitlərinin xərclənməsi deyil, eyni zamanda insan həyatına təsir edən strateji qərarlardır. Satınalmalar haqqında qanun və onun icra mexanizmləri bu gün ölkəmizdə ümumi nəzarət və şəffaflığın təmin olunmasına mühüm zəmin yaradır. Ancaq səhiyyə kimi dinamik və təcili qərarlar tələb edən sahələrdə bu hüquqi çərçivənin çeviklik imkanları hələ də kifayət qədər deyil".

Teleqraf xəbər verir ki, bunu Milli Məclisin deputatı Rəşad Mahmudov Hesablama Palatasının illik məruzəsinin müzakirəsi zamanı deyib.

"Məsələn, ürəkdə istifadə olunan stentlər və bioloji qapaqlar, yaxud ortopediyada istifadə olunan süni oynaqlar fərqli ölçülərdə və fərqli anatomik uyğunluqlarda olur. Sifarişçi qurum ilin əvvəlində satınalma planı hazırlayarkən hansı ölçüdən nə qədər istifadə olunacağını əvvəlcədən dəqiq bilə bilmir. Belə olan halda ya bütün ölçülərdən az miqdarda almağa məcbur qalır ki, bu da anbar itkisi və istifadə olunmadan yararsız hala düşən məhsul riski yaradır, ya da ehtiyac yaranan anda uyğun materialın olmaması səbəbilə pasiyent zəruri müdaxilədən məhrum qalır. Tək bir xəstə üçün belə bu fərq həyati əhəmiyyət daşıyır", - deyə deputat bildirib.

O əlavə edib ki, hazırkı normativ mexanizmlər isə bu ehtiyaca cavab verməkdə çətinlik çəkir və tibbi müəssisələri bürokratik yük altında saxlayır:

"Burada əsas məqsəd nəzarəti zəiflətmək deyil, qanunvericiliyin elə formalaşdırılmasıdır ki, şəffaflıq qorunsun, amma səhiyyə sektorunun təxirəsalınmaz qərarlar vermə hüququ da təmin olunsun.

Son illərdə TƏBİB və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi səhiyyədə satınalma funksiyasını öz üzərinə götürmüşdür. Bu strukturlar vasitəsilə mərkəzləşdirilmiş və daha sistemli yanaşma tətbiq edilsə də, onların da istər normativ, istərsə də texniki imkanlarının təkmilləşdirilməsinə ehtiyac var. Eyni zamanda, Hesablama Palatasının audit imkanları və təqdim etdiyi hesabatlar sistemli problemlərin müəyyən olunmasında ciddi alətə çevrilmişdir. Lakin eyni audit çərçivəsinin səhiyyənin spesifikası nəzərə alınmadan tətbiqi bəzi hallarda daha çox qorxu və ehtiyatla qərar qəbul olunmasına səbəb olur".