BAKI, 22 aprel. TELEQRAF
"Ölkəmizin qarşısında duran ən mühüm vəzifələrdən biri də hərbi potensialla yanaşı, iqtisadi imkanların daha da gücləndirilməsidir".
Teleqraf xəbər verir ki, bunu Milli Məclisin deputatı Ceyhun Məmmədov Hesablama Palatasının illik məruzəsinin müzakirəsi zamanı deyib.
Onun sözlərinə görə, proseslərin təhlili göstərir ki, bu gün dünyamız yeni iqtisadi böhranın astanasındadır:
"Artıq dünyanın bir sıra ölkələri bu böhranın acı nəticələrini yaşayırlar. Prosesi tətikləyən səbəblərdən biri isə neftin qiyməti ilə bağlı baş verən sıçrayışlardır. Bu gün neftin qiymətində tez-tez baş verən titrəyişlər heç şübhəsiz ki, dünya iqtisadiyyatına, eyni zamanda, ölkəmizin gəlirlərinə də ciddi təsir göstərir. Bu prosesin hələ bir müddət davam edəcəyi ilə bağlı proqnozlar dünya iqtisadiyyatına yaxşı heç nə vəd etmir. Baş verəcək növbəti böhrandan ölkəmizin sığortalanması və vətəndaşların ciddi əziyyət çəkməməsi üçün hazırda dövlət strukturları sistemli və ardıcıl addımlar atmağa davam edirlər. Heç şübhəsiz ki, bu siyasətin uğurla davam etdirilməsi üçün düzgün büdcə siyasəti və büdcə vəsaitlərinin səmərəli istifadəsi olduqca önəmlidir".