
BAKI, 15 aprel. TELEQRAF
Aprelin 15-də Milli Məclisdə Türk Dövlətləri Parlament Assambleyasına (TÜRKPA) üzv ölkələrin parlamentlərinin Müdafiə və təhlükəsizlik üzrə komitələrinin sədrlərinin "Türk dövlətləri arasında təhlükəsizlik və müdafiə üzrə əməkdaşlığın gücləndirilməsi: parlamentlərin rolu" mövzusuna həsr edilən ikinci iclası keçirilib.
Teleqraf xəbər verir ki, tədbirdə Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Şimali Kipr Türk Respublikası parlamentlərinin müdafiə və təhlükəsizlik məsələləri üzrə komitələrinin sədrləri, deputatları və TÜRKPA Katibliyinin nümayəndələri iştirak ediblər.
İclası açan Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev gələcək birgə fəaliyyəti üçün razılaşma və memorandumlarım imzalana biləcəyini deyib.
Türkiyə Böyük Millət Məclisinin Milli müdafiə komitəsinin sədri Hulusi Akar söyləyib ki, bu gün regionlarda gərginliklər artır, iqtisadi problemlər yaşanır. Bu baxımdan, belə tədbirlərin keçirilməsi olduqca vacibdir.
Toplantıda çıxış edən parlament komitələrinin sədrləri və müavinləri - Türkiyədən Hulusi Akar, Qırğızıstandan Eldar Süleymanov, Qazaxıstandan Amangeldi Nuqmanov, Özbəkistandan Kutbidin Burxanov və Şimali Kipr Türk Respublikasından Yasemi Öztürk iştirak ediblər.
Yasemi Öztürk təhlükəsizlik məsələsinə diqqət çəkərəkə bildirib ki, yalnız minimal təhdidlərə deyil, transsərhəd, təbbi fəlakətlər, qeyri-qanuni miqrasiya və hibrid təhdidlərə qarşı da birləşmək zəruridir.
Toplantıda TÜRKPA-nın Baş katibi Mehmet Süreyya Er çıxışında müdafiə sənayesində əməkdaşlıq, ortaq hərbi təlimlər, terrorizm və transsərhəd problemlərə qarşı mübarizənin əhəmiyyətindən danışıb.
Beləliklə, iclas iştirakçıları müdafiə və təhlükəsizlik sahəsində mübarizədə Türk dövlətləri arasında əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayaraq, parlamentlərarası əməkdaşlığın gücləndirilməsi və gələcək strategiyaların formalaşdırılmasının əhəmiyyətini qeyd ediblər. Eyni zamanda, milli qanunvericiliyin uyğunlaşdırılması, beynəlxalq əməkdaşlığı vacibliyi vurğulanıb.