BAKI, 11 aprel. TELEQRAF

"İkinci Qarabağ müharibəsində qələbəmizdə İsrail silahları mühüm rol oynayıb. Azərbaycan-yəhudi diaspor təşkilatları erməni lobbisinin dağıdıcı təsirinin qarşısını alıb".

Teleqraf xəbər verir ki, bunu Milli Məclisin plenar iclasında deputat Zahid Oruc deyib.

O bildirib ki, Bakı ərəb dünyası ilə vasitəçi rolunda çıxış edib.

“Vaşinqton Bakı ilə əlaqələrini gücləndirmək üçün İsraildən nümunə götürə bilər. Biz Ağ Evdən hərbi yardım istəmirik. Lakin tarif müharibələrində trilyon dollarlıq iqtisadi itkilərin yüzdə biri ilə bütün məcburi köçkünlərimizi doğma evlərinə qaytarmaq olardı. Halbuki Şuşada Ağ Evi xalqımız özü tikir.
30 illik işğala dəstək verən sabiq amerikalı prezidentlərin mirasına son qoymaq üçün indi tarixi fürsət yaranıb. 2003-cü ildə qızılgül inqilabının liderinə çevirdikləri Saakaşvili ilə demokratiya duetinə çıxan Corc Buşdan fərqli olaraq, Donald Tramp Azərbaycanla daha yaxın münasibətlərə malik olub. Ağ Evin yeni sahibi son məktubunda prezidentimizi ehtirama və birgə işləməyə çağırıb. İndiyədək heç bir ABŞ prezidenti Azərbaycana səfər etməyib, qonşu və uzaq dövlət rəhbərləri isə müqəddəs Odu və ruhu Qoca Şərqdən alıblar.

Bir vaxtlar Ağdam məscidinin bir parçasını Ulu Öndərə ad günü hədiyyəsitək gətirən səfir Keri Kavanonun vəfadarlığı, xeyirxahlığı unudulmayıb. Ali Baş Komandanın arxitektorluğu ilə həmin azad daş öz yerinə qoyulub, Allah Evi bütövlüyünə qovuşub.

Tanrıya dua üçün azad torpaqlarımızdakı məscidlər bütün liderlərin üzünə açıqdır”,- deputat vurğulayıb.