
BAKI, 7 aprel. TELEQRAF
Uşaqların sayına görə anaların daha tez pensiyaya çıxması təklif olunur.
Teleqraf xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında deyib.
"5 uşaqlı ailələrlə, məsələn 7 uşağı olan valideyn eyni güzəştə sahibdir. Təklif edirəm ki, uşaqların sayına görə analar daha tez pensiyaya çıxsın. Uşaqların sayına uyğun olaraq pensiya yaşı müəyyən oluna bilər. Bu da təbii artıma kömək edəcək", - deyə deputat bildirib.
Vüqar Bayramov əlavə edib ki, güzəştli şərtlərlə pensiya yaşı müəyyənləşdirilən zaman kəmiyyət indikatorları ilə yanaşı, keyfiyyət meyarlarından da istifadə edilməsi məqsədə uyğun olardı: "Bu gün müzakirə etdiyimiz “Əmək pensiyaları haqqında" Qanuna əsasən, valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş səkkiz yaşınadək övladlığa və ya qəyyumluğa götürülmüş uşaqlar da daxil olmaqla beş və daha çox uşağı olanların 5 il daha tez pensiyaya çıxırlar. Müzakirə etdiyimiz dəyişikliklər ilə onların pensiya təminatı dövlət büdcəsi hesabına həyata keçiriləcək. Bununla belə, 5 uşağı olan ilə 5-dən daha çox uşağı olanların pensiya güzəşti eynidir. Halbuki, uşaqların sayına görə pensiya yaşının azaldılması daha məqsədəuyğun olardı. Daha çox övladı olan valideynlər daha tez pensiyaya çıxa bilərlər. Bu kontekstdən pensiya yaşının müəyyənləşdirilməsində keyfiyyət meyarlarından istifadə sosial təminat baxımdan da arzuolunandır".