
BAKI. 27 mart. TELEQRAF
"Sarıcalı kəndinin, sadəcə olaraq, birinci mərhələsinin inşası başa çatdı. Burada hazırda 200-dən çox ev var. Amma ikinci mərhələ başa çatandan sonra təqribən evlərin sayı 400-ə çatacaq".
Teleqraf xəbər xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Ağdamın Sarıcalı kəndində yeni mənzillərə köçən sakinlərlə görüşdə çıxışı zamanı deyib.
"Yaşamaq üçün bütün şərait var. Gözəl, yaraşıqlı evlər, elektrik, su, qaz, istilik, gözəl məktəb, uşaq bağçası, tibb məntəqəsi, idman meydançası, ictimai xidmət yerləri, hətta bazar kompleksi də var. Evlərin həyətyanı sahəsi də kifayət qədər böyükdür - 12 sot. Eyni zamanda, ətraf ərazilərə su veriləndən sonra o torpaqlarda da əkin-biçin işləri aparmaq mümkün olacaq. Sərsəng su anbarı və Suqovuşan su anbarı bu imkanı bizə yaradacaq. Sadəcə olaraq, vaxtilə inşa edilmiş kanallar bərpa edilməlidir. Bu istiqamətdə də iş gedir. Yaxşı bilirsiniz, həm Sərsəng, həm Suqovuşan su anbarları Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə inşa edilmişdi ki, o cümlədən Ağdam və bir neçə ətraf rayon suvarma suyu ilə təmin olunsun. İşğal dövründə düşmən suyumuzu da kəsmişdi. İndi biz öz su resurslarımıza da sahib olduq. Xaçınçay su anbarı artıq bərpa edilib və Suqovuşandan gələn kanal vasitəsilə Ağdamın bütün ərazisi və qonşu rayonların əraziləri suvarılacaq. Bu gün təqribən 100 min hektar suvarılmayan torpağa su gətiriləcək", - deyə dövlət başçısı qeyd edib.