BAKI, 10 fevral. TELEQRAF

Bu yaxınlarda sosial şəbəkələrdə İrəvanın Təpəbaşı məhəlləsində yerləşən tarixi Azərbaycan məscidinin qalıqlarının lentə alındığı görüntülər yayıldı. Həmin görüntülərdən aydın olur ki, məscid hazırda spirtli içkilərin istehlak edildiyi məkana çevrilib. Ötən gün bununla bağlı Qərbi Azərbaycan İcması da bəyanat yaydı. İcma Ermənistanda belə bir görüntünün qeydə alınaraq, məqsədli şəkildə yayılmasını Azərbaycan xalqının dini və mədəni heysiyyətinə toxunan açıq provokasiya kimi qiymətləndirdi.

Mövzu ilə bağlı yaranan sualları Teleqraf-a şərh edən Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Ceyhun Məmmədov bu günədək Qərbi Azərbaycanda 300-dək məscidin ermənilər tərəfindən dağıdıldığına diqqət çəkərək deyib: "Orada bizə aid xeyli sayda qəbiristanlıqlar da vandallığa məruz qalıb. Bundan məlumatlı olan beynəlxalq qurumlar baş verənlərə hələ də susurlar".

Deputat qeyd edib ki, beynəlxalq qurumların bu məsələyə diqqətini çəkmək üçün məqsədyönlü işlər aparılmalıdır:

"İrəvanda yerləşən tarixi Göy məscidimiz ermənilər tərəfindən İranınkı kimi təqdim olunur. Digər abidələrimizə, ibadət yerlərimizə qarşı vəhşilik törədilib. Oxşar münasibət, həmçinin rus və alban kilsələrinə də göstərilir. İkili siyasət, "İslamofob" münasibət təəssüf ki, Qərbə həqiqətləri görməyə imkan vermir. Lakin hər şey göz qabağındadır. Qarabağda da 67 məscidimiz dağıdıldı. Dünya susdu, ancaq ərazilərimiz işğaldan azad edildikdə, bizə qarşı boş ittihamlar səsləndirildi. Guya vandallıq, vəhşilik etmişik. Həqiqətlərimizi dünyaya çatdırmaq üçün məqsədyönlü və hədəfyönlü işlər aparmalıyıq".

O vurğulayıb ki, qarşıya qoyulan hədəflərə nail ola bilmək üçün diaspor fəaliyyəti daha da genişləndirməlidir:

"Bu yöndə fəaliyyətimizi genişləndirməli, daha aktiv işlər aparılmalıdır. Xarici dillərdə kitablar yazmalı, filmlər çəkməliyik. Təəssüf ki, ermənilər bu xətt üzrə işlərini çoxdan qurublar. Hökumət üzərinə düşəni edir. İctimai birliklər, QHT-lər də aktiv olmalıdır. Məsələn, Qərbi Azərbaycan İcması məsələ ilə bağlı layihələr həyata keçirir, ancaq tək onlarla kifayətlənmək olmaz. Hamı əlini daşın altına qoymalıdır. Xarici ölkələrdə müxtəlif tədbirlər, konfranslar keçirilməlidir. Bu yöndə Azərbaycan diasporunun üzərinə böyük iş düşür".

Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasının üzvü, Milli Məclisin deputatı Tənzilə Rüstəmxanlı isə ermənilərin bu hərəkətinin təkcə müsəlmanları deyil, həm də bütün xristianları narahat etməli olduğunu deyib.

"Hazırda Qərbi Azərbaycan həqiqətlərini, o cümlədən ermənilərin törətdiyi vandallıqları dünya ictimaiyyətinin diqqətinə çatdırmalıyıq. Qarabağın işğalı dövründə məscidlərimizə qarşı edilən hörmətsizliyi bütün dünya gördü, amma susdu. Baxın, bu, əxlaq məsələsidir. Xristian və ya müsəlman oldun, fərq etmir. İnancın, əxlaqın varsa, Allahın evinə qarşı bu hərəkətlər edilməməlidir. Onlar bunu qəsdən edirlər. İslam dini bütün peyğənbərləri qəbul edir, digər dinlərə hörmət bəsləyir. Baxın, ermənilərin etdikləri bu hərəkətlərə bütün inanclı insanlar, o cümlədən avropalı xristianlar da sərt reaksiya verməlidirlər".