![](https://teleqraf.az/storage/2025/02/13/715x378/timthumb.png)
BAKI, 13 fevral. TELEQRAF
Ermənistan Baş naziri Nikol Paşinyan uğursuz ABŞ səfərinə izah tapa bilmir.
Teleqraf xəbər verir ki, bu barədə Ermənistanda nəşr olunan “Past” qəzeti yazır.
“Paşinyan fevralın 7-də Ağ Evdə ABŞ vitse-prezidenti Ceyms Devid Venslə görüşüb. Ermənistan hökuməti bununla bağlı bir foto və belə bir lakonik açıqlama yaydı ki, Ermənistan-ABŞ ikitərəfli münasibətləri ilə bağlı məsələlər, eləcə də regional gündəm müzakirə olunub. Həmin görüşdən sonra mətbuatda çoxsaylı fərziyyələr, o cümlədən Ermənistan tərəfinin görüşün təşkili üçün Türkiyədən vasitəçilik istəməsi iddiası dolaşır. Hətta görüşdə Türkiyənin ABŞ-dəki səfirinin də iştirak etdiyi qeyd edilir.
Dünən Paşinyan parlamentdə görüşün əvvəlcədən planlaşdırılmadığını iddia edərək, bu şübhələri aradan qaldırmağa çalışıb: “Görüş planlaşdırılmamış şəkildə oldu və kifayət qədər uzun sürdü”.
Nikol görüşün təkbətək olmadığını, nümayəndə heyətinin üzvlərinin də iştirak etdiyini bildirib. Onun sözlərinə görə, Ermənistan tərəfində İrəvanın ABŞ-dəki səfiri, baş nazirin xarici işlər üzrə müavini və mətbuat katibi iştirak edib”, - nəşr bildirir.
Mənbə vurğulayır ki, xarici işlər naziri Ararat Mirzoyan görüşdə iştirak etməyib və Paşinyan bunun səbəbini izah etməyib:
“Halbuki xarici işlər nazirinin özünün iştirakı daha məntiqli olardı. İstənilən halda, hakimiyyət Venslə uğursuz görüşü “uğur hekayəsi” kimi təqdim etməyə çalışır”.