MASALLI, 29 avqust. TELEQRAF

Masallıda su bəndi qanunsuz olaraq əkin sahəsinə çevrilib.

Teleqraf-ın Cənub bürosu xəbər verir ki, bu barədə məlumatı Masallı rayonunun Xallıcallı kənd sakini Cəlil Mirzəyev bildirib.

Onun sözlərinə görə, Viləş çayı üzərində yerləşən sututar həm təsərrüfat baxımından, həm də yağmurlu fəsillərdə yağıntı sularının idarə olunmasında mühüm rol oynayıb. Lakin ərazi Vidadi Quliyev adlı şəxsin qanunsuz nəzarətinə keçdikdən sonra əvvəlcə balıqçılıq təsərrüfatı kimi istifadə olunub. Bu müddət ərzində suyun qəfil buraxılması dəfələrlə kənd sakinləri üçün çətinliklər yaradıb.

C.Mirzəyevin sözlərinə görə, son illərdə isə bəndin suyu boşaldılaraq ərazi əkin sahəsinə çevrilib:

“Bizdə olan məlumata görə, hətta o, əkdiyi taxıla görə subsidiya almaq üçün müraciət etsə də, imtina cavabı gəlib. Çünki həmin torpaq sahəsi kənd təsərrüfatı təyinatlı deyil”, - kənd sakini bildirib.

Məsələ ilə bağlı həmin ərazidə əkin aparan Vidadi Quliyev bildirib ki, o, 2020-ci ildə dövlət əmlakı kimi keçirilmiş hərracda qalib gələrək sözügedən torpaq sahəsini 49 illik icarəyə götürüb. Onun sözlərinə görə, ərazi ilə bağlı müxtəlif rəsmi qurumlar tərəfindən məhkəmələrə şikayətlər verilsə də, o, bütün məhkəmə instansiyalarında qalib gəlib. Masallı rayonunun Xallıcallı kənd bələdiyyəsi də ərazinin icarəyə verilməsini təsdiqləyib.

Hazırda 150 hektara yaxın ərazidə payızlıq əkinə hazırlıq işləri aparılır. Kənd sakinləri isə su bəndinin əvvəlki təyinatının bərpa olunmasını və dövlət nəzarətinə qaytarılmasını tələb edirlər. Onların fikrincə, əks halda intensiv yağışlar zamanı kəndi su basa bilər.