BAKI, 17 sentyabr. TELEQRAF

Almaniya Kanadaya sürətləndirilmiş şəkildə Avropa İttifaqının (Aİ) assosiativ üzvü statusunun verilməsinə qarşıdır.

Teleqraf xəbər verir ki, bu barədə “Financial Times” (FT) məlumat yayıb.

Avropa Komissiyasının prezidenti Ursula fon der Leyenin təklifi Avropa Parlamentində alqışla qarşılansa da, Berlin və Aİ-nin digər paytaxtlarında buna təmkinli reaksiya verilib. Almaniya hökumətinin rəsmi nümayəndəsi Ştefan Kornelius bildirib ki, Berlin yeni tərəfdaşlıq modellərinin müzakirəsinə açıqdır, amma “assosiativ üzv” termininə yenidən baxılmalıdır. Brüsseldəki diplomatlar isə ideyanın üzv ölkələrlə aparılacaq danışıqlar zamanı tədricən gündəmdən çıxacağını proqnozlaşdırırlar.

Fon der Leyen bundan əvvəl bəyan edib ki, Avropa İttifaqı Kanadaya ilk assosiativ üzv olmağı təklif edəcək. O qeyd edib ki, Ottava ilə yaxınlaşma müdafiə sənayesi sahəsində əməkdaşlığı, texnoloji ittifaqı və Arktikada birgə layihələri əhatə edəcək.

Bu gün Avropa Parlamentində çıxış edəcək Kanada Baş naziri Mark Karni ABŞ ilə münasibətlərin pisləşməsi fonunda Aİ ilə daha sıx əlaqələr qurmağa çalışır.