BAKI, 31 iyul. TELEQRAF
Ukrayna Prezidenti Volodimir Zelenski 2022-ci ildə müharibənin başlanmasından bəri Ukrayna və Rusiyanın hərbi itkiləri ilə bağlı rəqəmləri açıqlayıb.
Teleqraf xəbər verir ki, bu barədə o, “Fox News” telekanalına müsahibəsində danışıb.
Rusiyanın müharibədə nə qədər itki verdiyi ilə bağlı suala cavabında Zelenski deyib: “Rusiyanın itkiləri 1,6 milyon nəfər təşkil edir, onlardan təxminən 700 mini ölüb”.
Ölkəsinin itkilərinə gəlincə, prezident bildirib ki, Rusiya tərəfinin Ukrayna ordusunda baş verənlərdən xəbərdar olmaması üçün bu barədə ətraflı məlumat açıqlamaq istəmir:
“Bizim təxminən 50 min həlak olanımız, 400 minə yaxın yaralımız var. Bundan başqa, çox sayda itkin düşən hərbçimiz də mövcuddur”.
Ukraynanın hazırda müharibədə qalib gəlib-gəlmədiyi ilə bağlı suala Volodimir Zelenski “Məğlub olmuruq” cavabını verib:
“Qələbə bizim üçün ölkəmizi və müstəqilliyimizi itirməmək deməkdir. Bu baxımdan, bəli, biz qalib gəlirik. Amma döyüş meydanında vacib olan odur ki, təşəbbüs Rusiyanın əlində deyil. Biz məğlub olmuruq, onlar isə qalib gəlmirlər”.